|
ABŞ prezidenti Barak Obama ölkənin iqtisadi problemləri ilə bağlı danışıqlarda razılıq əldə olunduğunu və artıq ölkənin defoltdan yayına biləcəyini bəyan edib.
Prezident bildirib ki, Konqresdə Demokrat və Respublikaçılar partiyalarının liderlərinin iştirak etdiyi danışıqlarda hər iki tərəf kompromisə gedib.
Sənəd hələ imzalanmasa da, B.Obama Konqresin təklif olunan variantla razılaşacağına inanır. O, növbəti 8-12 ayda da defoltun olmayacağına zəmanət verir. Prezident etiraf edib ki, bu, onun bəyəndiyi variant deyil, amma istənilən halda ciddi irəliləyişdir.
Razılaşmaya əsasən, federal büdcənin xərcləri yaxın 10 il ərzində təxminən 1 trln. dollar ixtisar olunacaq. Bundan başqa, iki partiyanın nümayəndələrinin iştirakı ilə yaradılacaq xüsusi komitə noyabr ayında bu məsələ ilə bağlı təkliflərini təqdim etməlidir.
Azərbaycanda arxeoloji ekspedisiyasının naviqasiya aparatı oğurlanıb
Füzuli rayonunun Babı kəndində arxeoloji qazıntı aparan Füzuli Arxeoloji Ekspedisiyasının GPS aparatı oğurlanıb.
Bu barədə Füzuli Arxeoloji Ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Xəqani Alməmmədov məlumat verib. Onun sözlərinə görə, hadisə iyul ayının 25-də arxeoloji tədqiqat aparan qrupun nahar fasiləsinə çıxdığı vaxt baş verib. Oğrular bir ədəd “GARMİN OREQON 550” markalı GPS naviqasiya aparatını götürərərək qaçıblar.
X. Alməmmədov bildirib ki, bu barədə Füzuli rayon Polis şöbəsinə məlumat verilib, oğurluq faktı şöbədə iyulun 28-də qeydiyyata alınıb. Məlumata görə, Qarabağ bölgəsində yerləşən araşdırılmış və araşdırılmaqda olan bütün tarixi abidələr haqda məlumat bazası oğurlanan avadanlıqda yerləşdirilibmiş.
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu faktla bağlı daxili işlər naziri Ramil Usubova müraciət ünvanlayıb.
ABŞ Azərbaycanlıları Şəbəkəsi Senatdan Azərbaycanın ərazi bütövlüyünü tanıyan qətnamə qəbul etməyi xahiş edib
|
Vaşinqton. İzabel Levin-APA. ABŞ Azərbaycanlıları Şəbəkəsi (USAN) Senatdan Azərbaycanın ərazi bütövlüyünü tanımağı xahiş edir.
ABŞ Senatı 175 saylı qətnaməsində Gürcüstanın ərazi bütövlüyünü tanıyıb, Abxaziya və Cənubi Osetiyanı işğal edilmiş ərazilər adlandırıb. ABŞ azərbaycanlıları hesab edirlər ki, Senat Azərbaycanla da bağlı analoji qətnamə qəbul etməli və Azərbaycanın ərazi bütövlüyünü tanıyaraq Qarabağ bölgəsini işğal olunmuş ərazi kimi göstərməlidir.
USAN diaspor üzvlərini və dostlarını bu cür qətnamənin qəbulu tələbi ilə ABŞ rəsmilərinə məktublar göndərməyi xahiş edib.
“Biz Senatın iyulun 29-da qəbul etdiyi 175 saylı qətnamə ilə bağlı sizə müraciət edirik. Bu qətnamə Gürcüstanın ərazi bütövlüyünün və suverenliyinin pozulmasını etiraf edir və münaqişəni Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində sülh yolu və ədalətlə həll etməyə çağırır. Biz analoji qətnamənin Azərbaycan haqqında da qəbul edilməsini xahiş edirik. Senat Azərbaycanın da ərazi bütövlüyünün və suverenliyinin pozulmasını etiraf etməli və münaqişəni Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində sülh yolu və ədalətlə həll etməyə çağırmalıdır”.
Bu gün Azərbaycanda müəllimlərin işə qəbulu ilə bağlı növbəti imtahan keçirilir
|
Bu gün Azərbaycanda müəllimlərin işə qəbulu ilə bağlı növbəti imtahan keçirilir.
Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsindən verilən məlumata görə, imtahan avqustun 1-dən 5-dək ingilis dili müəllimliyi ixtisası üzrə olacaq.
İmtahanlar Təhsil Nazirliyinin tabeliyində olan Təhsilin İnformasiyalaşdırılması İdarəsində təşkil olunub. Bu gün səhər saat 9.00-da başlayan imtahanlar axşam saat 18.00-dək davam edəcək. Hər bir müəllim kompüter qarşısında 1 saat ərzində imtahan verəcək. Hər saatın tamamında isə imtahan verən qrup digər qrupla əvəzlənəcək.
Qeyd edək ki, hazırda ölkədə ibtidai sinif müəllimliyi ixtisası üzrə 241 vakant yer var. Vakant yerlərdən 68-i Bakı şəhərində, 173-ü isə digər şəhər və rayonlardadır. Müəllimlərin işə qəbulu ilə bağlı elan edilən ixtisaslar üzrə vakant yerlərə elektron ərizə verənlərin çoxu ibtidai sinif müəllimliyi üzrədir. Bu ixtisas üzrə vakant yerlərə 1610 nəfər ərizə verib.
Ümumiyyətlə, Azərbaycanın ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu üzrə elan edilən vakant yerlərə 9342 nəfər ərizə verib. Hazırda Azərbaycanda 2177 müəllimə ehtiyac var. Vakant yerlərin 374-ü Bakı şəhəri üzrə, 1803-ü isə digər şəhər və rayonlar üzrədir.
Azərbaycanın iki iri ali təhsil müəssisəsinin paytaxtdan kənara köçürülməsi təklif olunur
|
Yaxın gələcəkdə Abşeron yarımadasında ayrıca ərazidə tələbə şəhərciyi salına bilər.
Məlumata görə, bu barədə Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov bildirib. Onun sözlərinə görə, Dünya Bankının xətti ilə maliyyələşdirilən «Böyük Bakının Regional İnkişaf Planı» layihəsinə əsasən, ərazidə bəzi dəyişikliklər nəzərdə tutulur. Belə ki, bu layihə çərçivəsində Bakının inkişafına uyğun olaraq ilk növbədə sənaye zonası onun mərkəzindən çıxarılmalıdır, yerində Bakıya tələb olunan yeni yaşayış massivləri salınmalıdır: «Eləcə də, layihədə Bakının Zığ, Türkan və onun yaxınlığındakı Dübəndi adlandırdığımız ərazilər yaşayış məskənləri kimi nəzərdə tutulub».
İ.İsbatovun sözlərinə görə, gələcək kurort zonalarının inkişafı yaşayış məskənlərinin hesabına deyil, dənizsahili ərazilərdə olacaq. Bakının mərkəzindəki sənaye zonalarının köçürülməsinə toxunan direktor, onların «artıq effekti olmayan müəssisələr» olduğunu bildirib. Onun sözlərinə görə, hazırda Qaradağ rayonunda xarici investisiyalar cəlb olunmaqla böyük sənaye müəssisələri zonası formalaşır.
Layihədə ali təhsil müəssisələrinin mərkəzdən kənarlaşdırılması variantı da irəli sürülür: «Hələlik bu yalnız layihədir. Amma dünyanın bütün inkişaf etmiş ölkələrində böyük universitetlərin öz şəhərciyi var. Bu şəhərcikdə universitetin binaları, tələbə və müəllim yataqxanaları, idman kompleksləri, laboratoriyalar və kitabxanalar, normal həyatı təmin edən digər sosial obyektlər və s. yerləşir. Ona görə də yarımadanın cənub sahili boyunca - Türkan ərazisində belə tələbə şəhərciklərinin salınması nəzərdə tutulub».
«Böyük Bakının Regional İnkişaf Planı» Layihəsinin icra qrupunun rəhbəri Novruz Eldarlı isə bildirib ki, hələlik ideya halında olan bu plana görə, qarşıdakı 10-15 ildə ali məktəb ocaqlarının, təbii ki onların tarixi binalarını saxlamaq şərti ilə şəhərin mərkəzindən çıxarılması nəzərdə tutulur: «İlk növbədə Neft Akademiyası və İqtisad Universitetindən söhbət gedir, onlar bu gün artıq yerində deyillər».
Mütəxəssisin sözlərinə görə, adı çəkilən məktəblərin bölmələri şəhərin hər yerinə səpələnib: «Bu yaxşı deyil. Hamı, həm tələbələr, həm müəllimlər, həm də şəhər sakinləri bundan əziyyət çəkir». Bununla yanaşı, N.Eldarlı yeni şəhərciklərin yaradılmasının böyük vəsait tələb edəcəyini bildirir.
«ABB-Moskva»nın İdarə Heyətinin sədri «Rusiya biznesinin kapitanları» mükafatına layiq görülüb
|
«Azərbaycan Beynəlxalq Bankı-Moskva» («ABB-Moskva») bankı İdarə Heyətinin sədri Fuad Abdullayev ən yaxşı əcnəbi əsilli biznesmen nominasiyasında «Rusiya biznesinin kapitanları» mükafatına layiq görülüb.
Azərbaycan Beynəlxalq Bankının Bakıdakı baş ofisindən verilən məlumata görə, «Rusiya biznesinin kapitanları» milli iş mükafatı «Personalın idarə edilməsi» nəşriyyat evi tərəfindən təsis olunub və Moskva şəhərinin əmək bazarında işlə təmin edən daha cəlbedici şirkətlərə verilir.
Mükafatın laureatları bazarın mütəxəssisləri tərəfindən aparılan və şirkətin ötən ilki fəaliyyətini əhatə edən tədqiqat nəticəsində müəyyənləşdirilir. Tədqiqatların məqsədi işlə təmin edən şirkətlərin cəlbediciliyini təyin etmək, həmçinin rekrutmentdə pozitiv tendensiyaları və «problemli yerləri» müəyyən etmək məqsədilə keçirilir.
«ABB-Moskva»nın mükafatlandırılması şirkətin dinamik inkişaf etdiyindən xəbər verir.
Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub
Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 1-də saat 00.35-dən 00.40-dək və 05.05-dən 05.15-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qaraxanbəyli, Aşağı Seyidəhmədli və Aşağı Əbdürrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 02.30-dan 03.00-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.
Türkiyə prezidenti: “İşıq Koşanerin vəzifəsinə davam etməsini istəyirdik, amma qəbul etdiyi qərarı da hörmətlə qarşılayırıq”
|
“Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisi İşık Koşaner hərbi şəxsiyyətinə hörmət bəslədiyimiz bir komandandır. Bir müddətdir ki, istefa verməyi düşünürmüş. Biz vəzifəsinə davam etməsini istədik, amma buna rəğmən qəbul etdiyi qərarı da hörmətlə qarşıladıq. Digər komandanların da təqaüdə çıxmaq vaxtı çatmışdı”.
Türkiyə prezidenti Abdullah Gül Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisi İşık Koşaner və daha üç generalın istefasını belə dəyərləndirib.
Prezident bildirib ki, ölkədə proseslər öz məcrasında davam edir: “Biz hüquqi dövlətdə yaşayırıq. Hakimiyyət bölgüsü var, məhkəmə qərarları ayrıdır. Bu səbəbdən edə biləcəyimiz heç nə yoxdur. Ali Hərbi Şurada da qanunlar çərçivəsində işinə davam edəcək. Ali Hərbi Şuranı yeni komandanlar heyəti idarə edəcək. Baş nazir da toplantıda iştirak edəcək. Hər hansı problem, böhran yoxdur. Dünən baş verənlər özünə görə fövqəladə bir durum idi, amma indi proseslər öz məcrasına dönüb”.
2014-cü ildə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsinin püşkü atılıb
Final mərhələsi 2014-cü ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin püşkü atılıb.
Apasport.az saytının məlumatına görə, Braziliyada təşkil olunacaq mundialın püşkatması Rio-de-Janeyro şəhərində baş tutub.
200-dən çox, o cümlədən ölkəmizdə izlənə bilən Türkiyənin TRT3 kanalı ilə yayımlanan tədbirdə Azərbaycan millisinin də rəqibləri bəlli olub.
Yığmamız F qrupunda Portuqaliya, Rusiya, İsrail, Şimali İrlandiya və Lüksemburq milliləri ilə mübarizə aparacaq.
----------------
AVROPA ZONASI
----------------
A qrupu: Xorvatiya, Serbiya, Belçika, Şotlandiya, Makedoniya, Uels
B qrupu: İtaliya, Danimarka, Çexiya, Bolqarıstan, Ermənistan, Malta,
C qrupu: Almaniya, İsveç, İrlandiya, Avstriya, Farer adları, Qazaxıstan
D qrupu: Hollandiya, Türkiyə, Macarıstan, Rumıniya, Estoniya, Andorra
E qrupu: Norveç, Sloveniya, İsveçrə, Albaniya, Kipr, İslandiya
F qrupu: Portuqaliya, Rusiya, İsrail, Şimali İrlandiya, Azərbaycan, Lüksemburq
G qrupu: Yunanıstan, Slovakiya, Bosniya və herseqovina, Litva, latviya, Lixtenşteyn
H qrupu: İngiltərə, Çernoqoriya, Ukrayna, Polşa, Moldova, San Marino
İ qrupu: İspaniya, Fransa, Belarus, Gürcüstan. Finlandiya
Qeyd edək ki, püşkatmada ölkəmizi AFFA-nın baş katibi Elxan Məmmədov və milli komandamızın baş məşqçisi Berti Foqts təmsil edib
AFRİKA ZONASI
I MƏRHƏLƏ
1 Seyşel adaları - Keniya
2Qvineya - Toqo
3 Cibuti - Namibiya
4 Mavritaniya - Liberiya
5 Komoro - Mozambik
6 Ekvaorial Qvineya - Madaqaskar
7 Somali adalar - Efiopiya
8 Lesoto - Burundi
9 Eriteria - Ruanda
10 Svazilend - Konqo DR
11 Santome - Konqo
12 Çad - Tanzaniya
II mərhələ
А qrupu : CAR, Botsvana, 7-ci cütün qalibi
В qrupu: Tunis, Kabo-Verde, Syerra-Lonne, 6-cı cütün qalibi
C qrupu: Fil Dişi Sahili, Mərakeş, Qambiya, 12-ci cütün qalibi
D qrupu: Qana, Zamibiya, Sudan, 8-ci cütün qalibi
E qrupu: Burkino-Faso, Qabon, Niger, 11-ci cütün qalibi
F qrupu: Nigeriya, Malavi, 1-ci cütün qalibi, 3-cü cütün qalibi
G qrupy: Misir, Qvineya, Zimbabve, 5-ci cütün qalibi
H qrupu: Əlcəzair, mali, Benin, 9-cu cütün qalibi
İ qrupu: Kamerun, Liviya, 2-ci cütün qalibi, 10-cu cütün qalibi
J qrupu: Seneqal, Uqanda, Anqola, 4-cü cütün qalibi
III mərhələ
10 qrupun qalibi final mərhələsinə 5 vəsiqə uğrunda mübarizə aparacaq.
---------
ASİYA ZONASI
--------
A qrupu: Çin, İordaniya, İraq, Sinqapur
B qrupu: Cənubi Koreya, Küveyt, BƏƏ, Livan
C qrupu: Yaponiya, Özbəkistan, Suriya, KXDR
D qrupu: Avstraliya, Səudiyyə ərəbistanı, Oman, Tailand
E qrupu: İran, Qətər, Bəhreyn, İndoneziya
----------
KONKAKAF ZONASI
II mərhələ
A qrupu: Salvador, Surinam, Kaymanovı adaları, Dominikan Respublikası
B qrupu: Trinidad və Tobaqo, Quyana, Barbados, Bermud
C qrupu: Panama, Dimonika, Nikaraqua, Baham adaları
D qrupu: Kanada, Sent-Kitts və Nevis, Puerto-Riko, Sent-Lusia
E qrupu: Qrenada, Qvetamala, Sent-Vinsen və Qrenadinı, Beliz
F qrupu: Haiti, Antiqua və Barbuda, Kurakao, Vircinya
III mərhələ
1 qrup: ABŞ, Yamayka, E qrupunun qalibi, F qrupunun qalibi
2 qrup: Meksika, Kosta-Rika, A qrupunun qalibi, B qrupunun qalibi
3 qrup: Honduras, Kuba, C qrupunun qalibi, D qrupunun qalibi
IV mərhələ
Qrupların ən yaxşı 3 komandası və qruplarda 2-ci yeri tutan 3 komanda yenidən eyni qrupda mübarizə aparacaq. İlk 3 yeri tutanlar mundiala vəsiqə qazanacaq.
----
Оkeaniya zonası
II mərhələ
А qrupu: Vanuatu, Yeni Kaledoniya, 1 raundun qalibi, Taiti
B qrupu: Fici, Yeni Zelandiya, Solomon adaları, Papua Yeni Qvineya
Qrupların 2 ən yaxşı komandası dairəvi sistemlə qüvvəsini sınayacaq, qalib isə KONKAKAF zonasının dördüncüsü ilə mundiala vəsiqə uğrunda üz-üzə gələcək.
Cənubi Amerika zonası
Argentina, Boliviya, Çili, Kolumbiya, Ekvador, Paraqvay, Peru, Uruqvay, Venesuela. 9 komanda eyni qrupda II dövrə mübarizə aparacaq. İlk 4 yeri tutanlar DÇ-nin final mərhələsində oynayacaq. Daha bir komanda Asiya zonasının qalibi ilə qarşılaşacaq.
Qubada maşın aşıb, bir nəfər ölüb
Quba rayonunda bir nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun məlumatına görə, 1985-ci il təvəllüdlü Ramazanov Cəmil Tahir oğlunun idarə etdiyi 90 XS 495 “VAZ 21 015” markalı avtomobil Quba şəhəri istiqamətində hərəkət edərkən Quba-Qonaqkənd yolunun 1-ci km-də aşaraq yolun kənarına düşüb.
Qəza nəticəsində avtomobildə olan sərnişin, 1985-ci il təvəllüdlü Quba şəhər sakini Bayramov Dəyanət Süleyman oğlu aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Sürücü C. Ramazanov isə yüngül bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır.
Qəbələ III Beynəlxalq Musiqi Festivalının rəsmi açılışı olub
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Qəbələdə keçirilən III Beynəlxalq Musiqi Festivalının rəsmi açılışı və “Qala konsert” olub.
Iyulun 30-da keçirilən tədbirdə öncə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın və Rusiyanın mədəniyyət naziri Aleksandr Avdeyevin festival iştirakçılarına ünvanlanan təbrik məktubu oxunub. Sonra Milli Məclisin deputatı Fəttah Heydərov festivalda iştirak edən bütün qonaqları, ifaçıları, musiqiçiləri salamlayaraq onlara təşəkkürünü bildirib. O, festival iştirakçılarını bu musiqi bayramı münasibətilə təbrik edib, festivala uğurlar arzulayıb.
Keçirilən “Qala konsert”də rusiyalı dirijor Yuri Başmetin rəhbərlik etdiyi “Yeni Rusiya” Dövlət Simfonik Orkestri çıxış edib. Orkestrin çıxışı Yuri Başmetin və “Şöhrət” ordenli, xalq artisti, prezident təqaüdçüsü Rauf Abdullayevin dirijorluğu ilə baş tutub. Orkestr solo ifadan əlavə, İtaliyanın məşhur tenor ifaçısı Massimiliano Pisapia, dünyanın məşhur vokalçılarından olan Sergey Leyferkus (bariton), Rusiyanın violin ifaçısı Alyona Bayevanı, Alman Dövlət Operasının solisti Anna Samuilu (Rusiya, soprano) da müşayiət edib. Konsertdə Azərbaycan və Avropa bəstəkarlarının əsərləri ifa olunub. Bundan əlavə, Rusiyanın məşhur “Terem kvartet”i maraqlı konsert proqramı ilə çıxış edib.
Tədbiri izləyənlər arasında Azərbaycanda səfərdə olan Rumıniyanın mədəniyyət və milli irs naziri Hunor Kelemen də olub.
Qeyd edək ki, Qəbələ III Beynəlxalq Musiqi Festivalı avqustun 5-dək davam edəcək.