Mədəniyyət

Qəbələ III Beynəlxalq Musiqi Festivalında “Terem kvartet”nin konserti olub
[ 01 Avqust 2011 10:52 ]

Qəbələ. Elvin Yaqubov-APA. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ III Beynəlxalq Musiqi Festivalında Rusiyanın məşhur “Terem kvartet”nin konserti olub. Ansamblın üzvləri Andrey Konstantinov (kiçik dorma), Aleksey Barsev (domra alt), Andrey Smirnov (bayan), Mixail Dyudze (balalayka-kantrabas) maraqlı konsert proqramı ilə çıxış ediblər. Məlumata görə, “Qafqaz Resorte” otelinin qarşısında açıq səma altında keçirilən konsertdə bəstəkar N. Rimski-Korsakovun “Şahzadə qu-quşu”, İ.S. Baxın “Rus əzabları”, “Zarafat”, “Prelüd tarantella”, F. Şubertin “Yol”, R. Şedrinin “Albenise bənzətmə”, P. Dattanın “Ayroplan”, A. Pyazzolanın “Libertanqo”, “Ədəbi məhəbbət” musiqi əsərləri və B. Markosovun, Y. Frenklinin “Ələ keçməz qisasçılar”, “Rusiya imperiyasının tacı və ya yeni qisasçılar” filmlərindən musiqi fraqmentləri səsləndirilib.

Oteldə keçirilən kamera musiqisi konsertində A. Darqomijski “Sürünən”, “Titulyar müşavir”, “Dəyirmançı”, Y. Bramsın “Trio a-moll”, S. Raxmaninovun “Oxuma gözəl” və “Mən səni gözləyirəm”, L. Delebin “Kadiks qızları” , E. Dell Akuanın “Vilanelli”, D. Vulfun “İris”, S. Milşteynin “Paqanyana”, F. Şopenin və E. Feuermannın “İntreduksiya və polones”, F. Tostinin “Sonuncu mahnı” əsərləri ifa olunub. Konsertdə dünya şöhrətli musiqiçi Yuri Başmet violada, Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti, “Şöhrət” ordenli, Qəbələ III Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri Fərhad Bədəlbəyli pianoda, festivalın bədii rəhbəri Dmitri Yablonski violençeldə, amerikalı pianoçu, BMT yanında Beynəlxalq İncəsənət Akademiyasının fəxri akademiki, ABŞ-dakı Culiard Musiqi Akademiyasının professoru Oksana Yablonskaya pianoda, alman Mattias Samuil pianoda, Rusiyalı Alyona Bayeva violində ifa edib. İtaliyanın məşhur tenor ifaçısı Massimiliano Pisapianın, Alman Dövlət Operasının solisti Anna Samuilin, Rusiyanın məşhur vokalçısı Sergey Leyferkusun ifası tamaşaçıların alqışları ilə müşayiət edilib.